AÇ: Azərbaycan şahmatçıları medalsız qaldı
İslandiyanın paytaxtı Reykyavikdə şahmat üzrə fərdi Avropa çempionatı başa çatıb.
Sportline.az xəbər verir ki, son - 11-ci turda Azərbaycan təmsilçilərindən yalnız Nicat Abbasov görüşünü qələbə ilə başa vurub. 26 yaşlı qrossmeysterimiz slovakiyalı Tamaş Petenyini yenib
10 turdan sonra şahmatçılarımız arasında ən yaxşı göstəriciyə malik olan Rauf Məmmədov rusiyalı Aleksey Sarana ilə heç-heçə edib.
Nicat Məmmədov almaniyalı Rasmus Svanla "sülh"ə razılaşıb.
Aydın Süleymanlı isə yarışı məğlubiyyətlə tamamlayıb. 16 yaşlı şahmatçımız slovakiyalı Matej Şebenikə uduzub.
Digər təmsilçimiz Riad Səmədov son turda oynamayıb.
Beləliklə, xallarının 7,5-ə çatdıran Rauf Məmmədov yarışı altıncı, Nicat Məmmədov 17-ci yerdə başa vurub. Nicat Abbasov (6,5) 42-ci, Aydın Süleymanlı (6) 67-ci, Riad Səmədov (5,5) 91-ci olub.
Avropa çempionu 8,5 xalla rusiyalı Anton Demçenko olub. 17 yaşlı Almaniya şahmatçısı Vinsent Keymer (8,5) 2-ci, Rusiyanın digər təmsilçisi Aleksey Sarana (8) 3-cü yeri tutub.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən yarışın mükafat fondu 100 min avro olub. Nəticələrə əsasən, Rauf Məmmədov 5000, Nicat Məmmədov 1200 avro qazanıb.