AÇ: Rauf Məmmədov erməniyə qalib gəldi
İslandiyanın paytaxtı Reykyavikdə şahmat üzrə fərdi Avropa çempionatı davam edir.
Sportline.az xəbər verir ki, yarışda beşinci turun qarşılaşmaları keçirilib. Azərbaycan şahmatçılarından dördü turu qələbə ilə başa vurub.
Rauf Məmmədov dörd oyundan maksimum nəticə ilə turnir cədvəlinin vahid lideri olan ermənistanlı Robert Hovannisyanı yenib. Nicat Məmmədov irlandiyalı Tarun Kanyamaralanı, Nicat Abbasov serbiyalı Luka Budisavlyeviçi, Riad Səmədov ev sahibi Tor Maini xalsız qoyub.
Aydın Süleymanlı isə portuqaliyalı Andre Souzaya uduzub.
Beləliklə, xallarının sayını 4,5-ə çatdıran Rauf Məmmədov əlavə göstəricilərə əsasən, turnir cədvəlində üçüncü yerdə qərarlaşıb.
Nicat Məmmədov 4, Nicat Abbasov 3,5 Aydın Süleymanlı və Riad Səmədov 2,5 xal toplayıb.
Yarışdakı digər təmsilçimiz Vasif Durarbəyli koronavirusa yoluxduğundan, üçüncü turdan sonra mübarizəni dayandırıb.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 11 turdan ibarət Avropa çempionatına sentyabrın 5-də yekun vurulacaq. Mükafat fondu 100 min avrodur. Qalib 20 min qazanacaq.