AÇ: Rauf Məmmədov və Aydın Süleymanlıdan qələbə
İslandiyanın paytaxtı Reykyavikdə şahmat üzrə fərdi Avropa çempionatı davam edir.
Sportline.az xəbər verir ki, yarışda dördüncü turun qarşılaşmaları keçirilib.
Azərbaycan şahmatçılarından Rauf Məmmədov və Aydın Süleymanlı görüşlərini qələbə ilə başa vurub. Onlar müvafiq olaraq Yevgeni Romanov və Aleksandra Maltsevskayanı (hər ikisi Rusiya) yenib.
Nicat Məmmədov Liviu-Diter Nisipyanu (Almaniya), Nicat Abbasov Juraj Druska (Slovakiya), Riad Səmədov Georgios Papidakis (Yunanıstan) ilə heç-heçə edib.
Dörd turdan sonra hesabında 3,5 xal olan Rauf Məmmədov əlavə göstəricilərə əsasən, turnir cədvəlində səkkizinci yerdə qərarlaşıb. Nicat Məmmədov 3, Nicat Abbasovla Aydın Süleymanlı 2,5, Vasif Durarbəyli 2, Riad Səmədov 1,5 xal toplayıb.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 11 turdan ibarət Avropa çempionatına sentyabrın 5-də yekun vurulacaq. Mükafat fondu 100 min avrodur. Qalib 20 min qazanacaq.