AÇ: Şahmatçılarımız 8-ci tura çıxır
İslandiyanın paytaxtı Reykyavikdə şahmat üzrə fərdi Avropa çempionatı davam edir.
Sportline.az xəbər verir ki, bu gün yarışda səkkizinci turun qarşılaşmaları keçiriləcək.
6 xalla turnir cədvəlində ikinci sırada olan Rauf Məmmədov yalnız əlavə göstəricilərə görə geri qaldığı rusiyalı Anton Demçenko ilə münasibətləri aydınlaşdıracaq. Nicat Məmmədov Kasper Piorun (Polşa), Nicat Abbasov Levan Pantsulaya (Gürcüstan), Aydın Süleymanlı Ruben Köllner (Almaniya), Riad Səmədov Hedinn Steynqrimsson (İslandiya) ilə üz-üzə gələcək.
Yeddi turdan sonra 5,5 xal toplayan Nicat Məmmədov doqquzuncu pillədə qərarlaşıb. Nicat Abbasov aktivinə 4,5, Aydın Süleymanlı və Riad Səmədov 4 xal yaza bilib.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 11 turdan ibarət Avropa çempionatına sentyabrın 5-də yekun vurulacaq. Mükafat fondu 100 min avrodur. Qalib 20 min qazanacaq.