AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportline.az xəbər verir ki, iclasda Misli Premyer Liqası 28-ci turunun "Zirə" - "Neftçi"nin oyunundakı hadisələrlə bağlı böyük cərimələr kəsilib. Xüsusən "Neftçi" klubuna.

“Zirə” – “Neftçi” oyununda “Zirə” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.

Oyunun 90+6-cı dəqiqəsində “Zirə”nin məşqçisi Ağabala Ramazanov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb, klub 2000 manat cərimə edilib.

Oyunu bitdikdən sonra stadion ərazisində hakimə məxsus avtomobilə zərər vurulduğuna və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Zirə” 3000 manat cərimə edilib. Dəymiş zərər “Zirə” klubu tərəfindən qarşılanacaq.

“Neftçi” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.

Oyunun 90+8-ci dəqiqəsində “Neftçi”nin baş məşqçisi Yuri Vernidub hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb, “Neftçi” 5000 manat cərimə edilib.

Oyun bitdikdən sonra “Neftçi”nin məşqçisi Dmitro Kara Mustafa hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanlb, “Neftçi” 5000 manat cərimə edilib.

Oyunun 90+5-ci dəqiqəsində “Neftçi”nin 33 nömrəli futbolçusu Breno Almeyda birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb, “Neftçi” 3000 manat cərimə edilib.

Oyunda “Neftçi” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 7-ci dəfə təkrarlandığına görə “Neftçi” komandası 8000 manat cərimə edilib.

Oyunda “Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Neftçi” 4500 manat cərimə edilib.

Beləliklə, "Neftçi" klubuna ümumilikdə 26 min 200 manat, "Zirə"yə isə  5700 manat cərimə kəsilib.