Ağır atletika üzrə beynəlxalq turnirə start verildi
Dekabrın 21-22-də Şimal DRES qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında “Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş” ağır atletika üzrə beynəlxalq turnir start götürüb. Sayca 16-cı olan turnir artıq ikinci dəfə beynəlxalq status daşıyır.
Körpücük üzərinə ilk olaraq yaşı 17-yə qədər olan qızlar çıxıblar. Gözlənildiyi kimi, çox maraqlı və gərgin mübarizə şəraitində keçən qrupda sona qədər medal yarışı gedib. Türkiyə, Bolqarstan və Azərbaycan atletləri arasındakı gərgin mübarizədən Avropa birincliklərinin qalibi Səbinə Əzimova qalib ayrılıb. O, 154 kq (67+87) nəticə və 250.61 Sinkleyr xalı ilə çempion olub.
Gümüş medal toplam 172 kq (79+93) nəticə və 239.17 xalla Bolqarstan atleti Qalya Şatova, bürünc isə toplam 166 kq (76+90) nəticə və 231.39 xalla türkiyəli Qamze Yaylaya qismət olub.
Yarışın keçirilməsində məqsəd Milli Qəhrəman Fəxrəddin Şahbazovun timsalında vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, Şahbazovun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, yerlərdə ağır atletika idman növünün təbliğ və inkişaf etdirməsi, ən güclü idmançıların aşkar olunması, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.
Qeyd edək ki, yarışda Azərbaycanla yanaşı, ABŞ, Ukrayna, Moldova, Belarus, Rusiya, Türkiyə, İran, Bolqarıstan, İsrail, Gürcüstan, Tacikistan və Polşa ağırlıqqaldıranları mübarizə aparır.