Ağstafada cüdo təlim mərkəzi istifadəyə verilib

12 yanvar 2023-ci ildə Azərbaycan Cüdo Federasiyasının (ACF) “Ağstafa Olimpiya İdman Klubu”nun tərkibində yaratdığı  Ağstafa cüdo təlim mərkəzinə baxış keçirilib.

Sportline.az xəbər verir ki, ACF Prezidenti Rəşad Nəbiyev, Ağstafa ictimaiyyətinin nümayəndələri və digər rəsmi şəxslər mərkəzdə yaradılan şərait ilə tanış olublar.

Məlumat verilib ki, indiyə qədər Ağstafa rayonunda cüdo bölməsi olmayıb. Bu baxımdan, istifadəyə verilən cüdo təlim mərkəzi Ağstafada cüdo idman növünün inkişafında mühüm rol oynayacaq. Yüksək səviyyədə inşa olunan cüdo təlim mərkəzinin ümumi sahəsi 450 m2 təşkil edir. Təlim mərkəzində bir dojo (cüdo məşq zalı) var və sahəsi müvafiq olaraq 320 m2-dir. Cüdo məşq zalı Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan “Taishan” firmasının tatamiləri ilə təchiz olunub.

Təlim mərkəzində idmançılar üçün bütün zəruri şərait təmin edilib. Binada gözləmə otağı, idmançılar üçün soyunub-geyinmə otaqları, duş və sanitar qovşaqlar mövcuddur. Həmçinin, təlim mərkəzi müasir isitmə və ventilyasiya sistemləri ilə təmin edilib. Burada ay ərzində 400 nəfərə qədər uşaq, yeniyetmə və gənc cüdo idman növü ilə məşğul ola biləcək.

ACF-in baş katibi Rəşad Rəsullu bildirib ki, Ağstafada inşa olunan ilk cüdo təlim mərkəzinin istifadəyə verilməsi rayonda cüdonun daha da kütləviləşdirilməsinə zəmin yaradır: “Bizim əsas məqsədimiz regionda yaşayan uşaqların, yeniyetmələrin və gənclərin sağlam həyat tərzinin formalaşdırılmasına töhfə vermək və onların asudə vaxtlarının səmərəli təşkil edilməsini dəstəkləməkdir. Əminik ki, bu təlim mərkəzində kəşf edilən istedadlar gələcəkdə nüfuzlu beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil edəcəklər”. 

Baş katibin sözlərinə görə, ACF cüdo təlim mərkəzində fəaliyyət göstərəcək məşqçilərin peşəkar səviyyəsinin artırılması üçün də müvafiq tədbirlərin həyata keçirilməsini planlaşdırır. 

Qeyd edək ki, regionlarda cüdo idman növü üzrə infrastrukturun yaxşılaşdırılması və təkmilləşdirilməsi ACF-in müəyyən etdiyi əsas fəaliyyət istiqamətlərindən biridir. İndiyə qədər Gəncədə və Ağstafada istifadəyə verilən cüdo zalları ilə yanaşı, hazırda Sumqayıt, Zaqatala, Sabirabad və Qazax şəhərlərində də müvafiq zalların təmir-tikinti işləri həyata keçirilməkdədir. Həmçinin, son bir il müddətində ACF tərəfindən 40-dan artıq cüdo idman zalına 3000-ə yaxın cüdo tatamisi paylanılması reallaşdırılıb. Federasiya digər şəhər və regionlarda da maddi-texniki bazanın təkmilləşdirilməsi üçün 2023-cü il ərzində davamlı olaraq fəaliyyət göstərəcəkdir.