Albaniya millisi üçüncü dəfə azarkeşlərə görə cəzalandırılıb

UEFA-nın Etika və İntizam Komissiyası Albaniya Futbol Federasiyasının (FSHF) AVRO 2024-ün qrup mərhələsinin 3-cü turunun İspaniya ilə oyununda (0:1) milli komandanın azarkeşlərinin davranışına görə 86 500 avro məbləğində cərimələnməsinə qərar verib.

Sportline.az xəbər verir ki, bu barədə Albaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Albaniya millisinin bəzi azarkeşlərinin  meydana yad əşyalar atması, qəbuledilməz mesajlar verməsi və od yandırması komandanın cərimələnməsinə səbəb olduğu vurğulanır. Bundan əlavə, azarkeşlərdən biri oyun zamanı meydana daxil olub.

Qeyd edək ki, bu,  Albaniya millisi üçün AVRO 2024-də üçüncü cərimə olub. Bundan əvvəl UEFA qrup mərhələsinin 1-ci turunun İtaliya ilə oyununda azarkeşlərin davranışına görə millini 37 375 avro, Xorvatiya ilə ikinci tur matçında yaşanan hadisələrə görə isə 47 500 avro cərimələmişdi.