Arkadi Naydiç: "Azərbaycan dünyanın ən yaxşı şahmat ölkələrindən biridir"
"Hədəfləri olan insanam. Məni idmançıların nəyəsə görə mübarizə aparması prinsipi maraqlandırır. Yarışa yalnız iştirak xatirinə qatılmaq, məncə, düzgün deyil".
Sportline.az xəbər verir ki, bunu almaniyalı şahmatçı Arkadi Naydiç Azərbaycan millisindəki çıxışı barədə "chess-international.com" saytına açıqlamasında deyib.
36 yaşlı qrossmyester bildirib ki, Azərbaycan dünyanın ən yaxşı şahmat ölkələrindən biridir: "Təbii ki, məni komandaya mümkün namizəd kimi gördükləri üçün şad oldum. Belə güclü yığmada oynamaq və mükafatlar uğrunda mübarizə iimkanı əldə etmək sevindirici idi".
Naydiç Azərbaycan millisindən dəvət aldığı vaxtı da açıqlayıb: "Əslində danışıqlara çoxdan başlamışdıq. Bu barədə ilk dəfə 2014-cü ilin dekabrında söhbət oldu. Fevral və mart aylarında daha ətraflı müzakirələr apardıq. O vaxtdan bəzi təfərrüatlar dəqiqləşdirilmişdi. Ona görə də yığmaya düşməyim uzun çəkmədi".
Qeyd edək ki, Arkadi Naydiç 2015 - 2019-cu illərdə Azərbaycan millisində çıxış edib.