"Atletiko"nun hücumçusu: "Azərbaycanla matçda hədəfimizə çatdıq"
"Bu qarşılaşma Azərbaycanla matçdan tamam fərqli olacaq. Amma qalib gələcəyimizə ümid edirik".
Sportline.az xəbər verir ki, bu fikirləri Portuqaliya yığmasının futbolçusu Joau Feliş Serbiyaya qarşı keçirəcəkləri DÇ-2022-nin seçmə oyunu barədə danışarkən deyib.
İspaniyanın "Atletiko" (Madrid) klubunda çıxış edən 22 yaşlı hücumçu Serbiya seçməsinin yaxşı kollektiv olduğunu bildirib: "Onlar açıq oyuna üstünlük verir. Bu isə bizim üçün sərfəli ola bilər".
Forvard Azərbaycan millisinə qalib gəldikləri görüşdə hədəfə çatdıqlarını söyləyib: "Həmin oyunda saysız-hesabsız qol imkanlarımız oldu. Qələbə qazanmaq əsas hədəfimiz idi və bu hədəfə çatdıq".
Qeyd edək ki, Portuqaliya Azərbaycan millisini 36-cı dəqiqədə Maksim Medvedevin vurduğu avtoqolla məğlubiyyətə uğradıb. Komanda martın 27-də Serbiyanın, martın 30-da isə Lüksemburqun qonağı olacaq. Azərbaycan yığması isə növbəti oyunlarını müvafiq olaraq Qətər və Serbiyaya qarşı keçirəcək.