AVRO-2020: Ən çox azarkeş Bakıya gələcək
AVRO-2020-nin qrup oyunları zamanı təşkilatçı şəhərlər arasında ən çox azarkeş Bakıya gələcək.
Sportline.az xəbər verir ki, hələlik açıqlanan son rəsmi məlumatlara əsasən belə qənaətə gəlmək olar.
Azərbaycan paytaxtında keçiriləcək 4 oyununun hər birində Bakı Olimpiya Stadionunun (BOS) ümumi tamaşaçı tutumunun (68 700 nəfər) 50 faizi qədər fanat iştirak edəcək. Bu isə o deməkdir ki, hər matçda arenaya 34 350 azarkeş, 4 oyuna isə ümumilikdə ümumilikdə 137 400 nəfər buraxılacaq.
Düzdür, Rusiyanın Sankt-Peterburq şəhəri də oyunlar zamanı "Sankt Peterburq Arena"ya ümumi azarkeş tutumunun 50 faizi qədər tamaşaçının buraxılacağına təminat verib. Lakin tutumu 68 000 nəfər olduğundan, bu arena ümumi say baxımından Bakı Olimpiya Stadionundan geri qalır.
Digər təşkilatçı şəhərlərdən ən çox təminat 10 - 15 min azarkeşə verilib. Almaniyanın Münhen şəhəri, İtaliyanın paytaxtı Roma və Macarıstanın paytaxı Budapeşt hələ azarkeş sayı ilə bağlı planlarını açıqlamayıb. İrlandiyanın paytaxtı Dublin isə UEFA-ya azarkeşlərlə bağlı təminat verməyib. Bu səbəbdən Dublinin təşkilatçılıq hüququndan məhrum ediləcəyi bildirilir.
Bakıdakı oyunlara yerli azarkeşlərlə yanaşı, bir-biri ilə görüşəcək milli komandaların mənsub olduğu ölkələrin vətəndaşları viza və koronavirusla bağlı müvafiq tələblərin yerinə yetirilməsi şərtilə buraxılacaq. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. Başqa sözlə, Bakı Olimpiya Stadionundakı matçları Azərbaycan, Türkiyə, Uels və İsveçrə vətəndaşları izləyə biləcək. 1/4 final mərhələsində isə bu say daha da artacaq.
Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.