AVRO-2020-nin taleyi necə olacaq?

UEFA AVRO-2020 ilə bağlı son qərarını gələn ilin mart ayında verəcək.

Sportline.az xəbər verir ki, bu barədə TASS-a açıqlamasında qitə futbol qurumunun İcraiyyə Komitəsinin üzvü Aleksey Sorokin məlumat verib.

UEFA rəsmisinin sözlərinə görə, UEFA AVRO-2020 üçün üç ssenarini nəzərdən keçirəcək. Onun sözlərinə görə, yarışın əvvəlcədən planlaşdırıldığı kimi, normal formatda keçirilməsi ehtimalı da mövcuddur.

Hazırda bir sıra Avropa ölkəsində koronavirus pandemiyası ilə əlaqədar azarkeş sayında məhdudiyyətlər var.

Qeyd edək ki, Avropa çempionatının oyunları gələn il 11 iyun - 11 iyul tarixində Avropanın 12 şəhərində, o cümlədən, Bakıda keçirilməlidir.