“Milan” onunla yeni müqavilə bağlamağa hazırlaşır

“Milan” rəhbərliyi komandanın yarımmüdafiəçisi Adrien Rabionun müqaviləsinin müddətini uzatmaq istəyir.

Sportline.az “Pianeta Milan”-a istinadən xəbər verir ki, “qırmızı-qaralar” fransalı futbolçu ilə yeni sözləşmə barədə razılığa Milad bayramına qədər, qış transfer pəncərəsi açılmamışdan öncə gəlməyi planlaşdırır.

30 yaşlı futbolçunun “Milan”la müqaviləsinin müddəti 2028-ci il iyunun 30-na qədərdir. Onun illik maaşı 3,5 milyon avro təşkil edir. Anlaşmanın müddətinin uzadılması ilə bağlı danışıqlar yekun mərhələdədir. Yeni müqaviləyə əsasən, Rabionun illik maaşının 5 milyon avroya çatdırılması və əlavə bonusların nəzərdə tutulması gözlənilir.

Yeni müqavilənin müddəti 2030-cu il iyunun 30-na qədər qüvvədə olacaq. Sözləşmədə müddətin daha bir mövsüm uzadılması ilə bağlı bənd də yer alacaq.