AVRO-2020: Oyunlara hansı azarkeşlər buraxılacaq?
UEFA İcraiyyə Komitəsinin üzvü Aleksey Sorokin Avropa çempionatının oyunlarına yalnız yerli azarkeşlərin buraxılma ehtimalı barədə danışıb.
Sportline.az xəbər verir ki, yerli mətbuata açıqlama verən AVRO-2020-nin Rusiya hissəsinin Təşkilat Komitəsinin sədri bu məsələnin sərhədlərin açılması və bağlanması ilə əlaqədar olduğunu bildirib.
O deyib ki, qarşılaşmalarda yalnız yerli azarkeşlərin iştirakı istisna edilmir: "Avrokubok oyunlarının bir neçəsinin başqa şəhərlərə salındığını görürük. Çünki uçuşlar dayandırılıb. Milli komandasını izləmək istəyən bütün fanatların bu fürsəti qazanacağına ümid edirik. Amma təəssüf ki, bunu sonrakı mərhələlərdə öyrənəcəyik".
Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.
Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.