AVRO-2020: UEFA azarkeşlərlə bağlı qərarın müddətini uzatdı
UEFA Avropa çempionatının təşkilatçı şəhərlərinə azarkeşlərlə bağlı planlarını müəyyənləşdirmək üçün son müddəti uzadıb.
Sportline.az xəbər verir ki, bu barədə "France Press" agentliyinə UEFA-nın rəsmi nümayəndəsi açıqlama verib.
O bildirib ki, müddət aprelin 7-dən aprelin 28-dək artırılıb. Bəzi oyunların digər şəhərlərə salınması, bəzilərinin isə azarkeşsiz təşkilinin mümkünlüyü perspektivi də mövcuddur.
Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.
Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.