Avropa çempionatı: 2-ci turun nəticələri

İslandiyanın paytaxtı Reykyavikdə şahmat üzrə fərdi Avropa çempionatı davam edir.

Sportline.az xəbər verir ki, yarışda ikinci turun qarşılaşmaları keçirilib. Azərbaycan şahmatçılarından yalnız Nicat Məmmədov görüşünü qələbə ilə başa vurub. Təmsilçimiz israilli Elie Milikovu yenib.

Aydın Süleymanlı yarışın ən reytinqli iştirakçısı Qaveyn Consla (İngiltərə) "sülh bağlayıb". Rauf Məmmədov Martin Petrov (ECU), Nicat Abbasov Xorxe Ferreyra (Portuqaliya), Vasif Durarbəyli Luka Budisavlyeviç (Serbiya) ilə heç-heçə edib. 

Riad Səmədov isə rumıniyalı Konstantin Lupuleskuya uduzub.

İki turdan sonra Aydın Süleymanlı, Rauf Məmmədov, Nicat Abbasov,  Vasif Durarbəyli və Nicat Məmmədov hesabına 1,5, Riad Səmədov 0,5 xal yaza bilib.

Qeyd edək ki, İsveçrə sistemi üzrə 11 turdan ibarət yarışa sentyabrın 5-də yekun vurulacaq. Mükafat fondu 100 min avrodur. Qalib 20 min qazanacaq.