Avropa çempionatı: Azərbaycanın 2 güləşçisi finalda, 3-ü bürünc medal görüşünə çıxacaq

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisinə qalib gəlib.

Sportline.az xəbər verir ki, 63 kq-da çıxış edən Taleh Məmmədov yarımfinalda Hraçya Poqosyanı məğlub edərək ardıcıl ikinci dəfə adını finala yazdırıb.

O, ilk hissədən sonra hesabda geri düşsə də, əzmkarlıq nümayiş etdirərək, yekunda qələbə qazanıb - 3:1. Məmmədov qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı Leri Abduladze ilə görüşəcək.

77 kq-da yarışan Sənan Süleymanov təsəlliverici görüşdə qüvvəsini sınayacaq. Buna səbəb idmançının 1/4 finalda uduzduğu Malkhas Amoyanın (Ermənistan) finala çıxmasıdır. Süleymanovun rəqibi Mantas Kazimieras Sinkeviçius (Litva) - Denis Horvat (Slovakiya) cütünün qalibi olacaq.

87 kq çəki dərəcəsindəki İslam Abbasov yarımfinalda Niku Samuel Ojoqa (Rumıniya), 130 kq-dakı Beka Kandelaki isə Rza Kayaalpa məğlub olduqlarından 3-cü yer uğrunda qarşılaşmaya çıxacaqlar. Onlar müvafiq olaraq, Metehan Başar (Türkiyə) - Yohan Danielov Dimitrov (Bolqarıstan) və Alin Aleksuk-Çurariu - Dariuş Attila Vitek (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.