Avropa çempionatı: Azərbaycanın 4 güləşçisi yarımfinala yüksəlib

Azərbaycanın son 5 yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında döşək üzərinə çıxıb.

Sportline.az xəbər verir ki, idmançıların hər biri mübarizəyə 1/8 finaldan başlayıb.

60 kq-da Murad Məmmədov Daniel Bobilyo (İspaniya) və Vitali Yeriomenkoya (Moldova) qalib gələrək, yarımfinala yüksəlib. Onun finaldakı rəqibi Kerem Kamal (Türkiyə) olacaq.

67 kq çəki dərəcəsindəki Həsrət Cəfərov əvvəlcə Vitalis Lazovskini (Almaniya), ardınca isə Mateuş Bernateki (Polşa) məğlub edib. Cərəfov yarımfinalda Murat Fıratla (Türkiyə) qüvvəsini sınayacaq.

72 kq-da yer alan Ülvi Qənizadə Samuel Belşeidi (Almaniya) və Deyvid Tixomirov (Bolqarıstan) ilə duellərdən qalib ayrılaraq, yarımfinala adlayıb. Qənizadə finala gedən yolda Şmaki Bolkvadze (Gürcüstan) ilə üz-üzə gələcək.

82 kq-da mübarizə aparan Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, ikiqat dünya və ikiqat Avropa çempionu Rafiq Hüseynov ilk görüşündə Petr Novakı (Çexiya), növbəti qarşılaşmada isə Tamaş Levayı (Macarıstan) yenib. Titullu idmançı yarımfinalda Gela Bolkvadze (Gürcüstan) ilə qarşılaşacaq.

97 kq-da yarışan Murat Lokyayev isə startda Arvi Savolaynenlə (Finlandiya) bacarmayıb.

Bu gün həmçinin Azərbaycanın 5 yunan-Roma güləşçisi medal görüşünə çıxacaq. Eldəniz Əzizli (55 kq) və Taleh Məmmədov (63 kq) finalda Gürcüstan təmsilçiləri ilə qüvvəsini sınayacaq. İdmançılar müvafiq olaraq Nuqzari Tsurtsumia və Leri Abduladze ilə görüşəcəklər. Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) bürünc medal qarşılaşmasına çıxacaqlar. Süleyamnov Per Albin Olofssonu (İsveç), Abbasov Yohan Danielov Dimitrovu (Bolqarıstan), Kandelaki isə Dariuş Attila Viteki (Macarıstan) sınağa çəkəcək.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq, Avropa çempionu olub.

Qadın güləşçilərdən isə Elis Manolova (65 kq) gümüş medala sahib çıxıb.