Azərbaycandan Olimpiadaya 43 lisenziya xalı
Ukraynanın Çabanı şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı birgünlük “Çabanı Turu” keçirilib.
Sportline.az xəbər verir ki, yarışda Azərbaycanın Elit yığmasının 2 üzvü – Ukraynanın "Lviv" kontinental klubunda çıxış edən Elçin Əsədov və Belarusun “Minsk” kollektivinin velosipedçisi Samir Cəbrayılov da mübarizə aparıb.
133 km məsafəni 3 saat 20 dəqiqə 27 saniyəyə qət edən Elçin Əsədov finiş xəttini 10-cu keçib və bununla da Azərbaycanın reytinqinə 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün daha 3 lisenziya xalı qazandırıb. Əsədov həm də şərəfini qoruduğu “Lviv”in yarışda iştirak edən üzvləri içərisində ən yüksək nəticə göstərib. Cəbrayılov isə 17-ci olub.
Yarışda starta çıxan 89 iştirakçıdan yalnız 39-u finişə çatıb. Qarşıdakı günlərdə ölkə velosipedçilərini Ukraynada keçiriləcək və olimpiadaya lisenziya xalları verəcək 1.2 kateqoriyalı daha 3 yarış gözləyir. Azərbaycan indiyədək velosiped idmanında "Tokio-2020"yə 43 lisenziya xalı qazanıb.