Azərbaycan birinciliyinə start verilib

Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start verilib.

Federasiyadan Sportline.az-a verilən məlumata görə, Boks Mərkəzində təşkil olunan yarışda 14 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 74 komandanın 408 boksçusu qatılıb. Bu, ölkə çempionatlarında yeni rekorddur. Bunadək ən yaxşı göstərici ötən il 66 komandadan 326 idmançı olub.

Döyüşlərdən öncə yarışın açılış mərasimi keçirilib. Tədbir iştirakçı komandaların paradı ilə başlayıb.

Ardınca Azərbaycan Boks Federasiyası prezidentinin müşaviri Samir Hüseynov çıxış edib. O bildirib ki, Olimpiya ili çərçivəsində ilk yerli yarışdır və Paris-2024 Yay Olimpiya Oyunlarında boksçularımıza böyük ümidlər bəslənilir: “Bu gün yeniyetmələr arasında Azərbaycan birinciliyində yeni rekord vurulub. Bu, çox sevindiricidir. Yarışların ədalətli keçirilməsi, regionlarda da infrastrukturun qurulmasının nəticələrini artıq görürük. Bundan sonra da həm Bakıda, həm də bölgələrdə boksun daha da inkişafı və kütləviləşməsi üçün ciddi addımlar atılacaq”.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əliniyaz Mirzəyev və birinciliyin supervayzeri Sergey Keman (Belarus) komandalara uğur arzulayıblar.

Dövlət Himni səsləndirildikdən sonra yarış açıq elan olunub.

Qeyd edək ki, birincilikdə qaliblərin adına yanvarın 14-də aydınlıq gələcək. Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Yarışın baş hakimi Anar Babanlıdır.