Azərbaycan güləşçisini məğlub edən rekordçu final görüşünə xəstə uşaq üçün çıxacaq

Türkiyənin yunan-Roma güləçisi Rıza Kayaalp (130 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatına spinal muskulyar atrofiya (SMA) xəstəsi olan Eslem Fatma üçün çıxacaq.

Sportline.az xəbər verir ki, bu barədə 33 yaşlı idmançı "NTV Spor"a açıqlama verib. O bildirib ki, çempion olsa, mükafatın hamısını uşağın müalicəsinə xərcləyəcək.

"Atasının gözyaşları, Fatmanın durumu mənə çox təsir etdi. Özümə söz verdim ki, turnirdə onun üçün güləşəcəyəm. Qızıl medal qazansam, məbləğin hamısını uşağın müalicə xərclərinin bir hissəsini qarşılamaq üçün istifadə edəcəyəm. Bəlkə də bu məbləğ xərcləri tam qarşılamayacaq. İnsanlardan da kömək gözləyirəm. Birlikdə lazım olan vəsaiti toplaya bilərik. Gəlin, ailəyə ikiqat bayram yaşadaq".

Titullu idmançı yarımfinalda Azərbaycan güləşçisi Beka Kandelakini mübarizədən kənarlaşdırıb. O, finalda İtaliya təmsilçisi Danilo Sotnikovla qarşılaşacaq.

Qeyd edək ki, dörd dəfə olimpiya çempionu olmuş Rıza Kayaalp bu göstərici üzrə rekordçudur. Təcrübəli idmançı Pekin-2008, London-2012, Rio-2016 və Tokio-2020 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. O, həmçinin dördqat dünya və onqat Avropa çempionudur.