“Azərbaycan Qran-prisi artıq "Formula 1" təqvimində mütləq izlənilməli yarışlardan biridir“
Bu il keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi daha möhtəşəm olacaq.
Sportline.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev açıqlama verib.
O, azarkeşləri həm həyəcanlı yarışdan, həm də Azərbaycanın qonaqpərvərliyindən zövq almağa dəvət edib:
"Ötən il rekordlarla yadda qaldı. Qlobal maraq sayəsində Azərbaycan Qran-prisi artıq "Formula 1" təqvimində mütləq izlənilməli yarışlardan biridir. 2025-ci il isə daha möhtəşəm olacaq. İki yeni tribunaya görə tədbir tarixdə ən böyük tamaşaçı tutumuna sahib olacaq. İlk dəfə eksklüziv "Formula 1 Çempionlar Klubu" fəaliyyət göstərəcək və burada pit-leyn mənzərələri, paddok turları və digər unikal imkanlar təqdim olunacaq. Bu, daha çox azarkeşə Azərbaycan Qran-prisini canlı izləmək fürsəti verəcək".
Maqsud Fərzullayev dünyanın ən güclü pilotlarının yenidən Bakıya gələcəyini xatırladıb:
"Bizi unudulmaz anlar gözləyir! Bakı Şəhər Halqası ənənəsinə sadiq qalaraq sürprizlərə hazırdır. Trekdəki sürət sizə az görünəcəksə, sadəcə, gecəni gözləyin: sentyabrın 19-da DJ Anyma, 20-də isə dünya ulduzları Martin Garrix və Glass Animals azarkeşlərə möhtəşəm şou təqdim edəcəklər."
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında təşkil olunacaq.