Azərbaycan seçməsi Millətlər Liqasının "pley-off"unda çıxış edə bilər

UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub. SportLine.az xəbər verir ki, reqlamentə əsasən, "pley-off" mərhələsinə yüksələn 16 komanda təsnifat yarışlarında uğursuzluqla üzləşsə, Millətlər Liqası vasitəsilə Avro-2020-yə vəsiqəni təmin edəcək. 

Millətlər Liqasının "pley-off" mərhələsində isə iştirakçı komandaların tərkibində dəyişikliklər mümkündür. Qəbul olunan qaydalara görə, təsnifat mərhələsini uğurla tamamlayaraq qitə birinciliyinə yüksələn komandanı Millətlər Liqasının "pley-off"unda həmin komandanın iştirak etdiyi liqada çıxış edən ən yaxşı göstəriciyə sahib digər milli əvəzləyəcək. 

Belə olan halda, Azərbaycan seçməsi də "pley-off"a nəzəri imkanlarını saxlayır. Hazırda "D" Liqasının reytinqində komandamız 7-cidir:

1. Gürcüstan 
2. Kosovo
3. Makedoniya
4. Belarus
5. Lüksemburq
6. Ermənistan - 
7. Azərbaycan

Bu isə o deməkdir ki, "D" Liqasının yekun reytinqində ilk "6-lıq"da qərarlaşan milli komandalardan üçü təsnifat yarışlarında Avro-2020-yə yüksəlsə, Azərbaycan Millətlər Liqasının "pley-off"unda mübarizə aparmaq hüququ qazanacaq.