Azərbaycan şahmatçısı: "Avropa çempionatında medal qazanacağımıza inanırdıq"
"Yarış kifayət qədər yaxşı təşkil olunmuşdu. Bütün güclü rəqiblərimiz burada iştirak edirdi. Ağır görüşlərimiz oldu. Rəqabət güclü olduğu üçün sonadək mübarizə aparmağa məcbur idik".
Sportline.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Sloveniyanın Çatej şəhərində keçirilmiş Avropa çempionatında bürünc medal qazanmış qadınlardan ibarət Azərbaycan millisinin şahmatçısı Günay Məmmədzadə deyib.
21 yaşlı qrossmeyster son turda onlardan başqa daha 6 yığmanın üçüncü yer uğrunda mübarizə apardığını xatırladıb: "Niderland seçməsi üzərində qələbəmiz bizə məqsədə çatmağa yardımçı oldu. Nəticədə Ukraynanı keçib üçüncü olduq".
Məmmədzadə Avropa çempionatında əvvəlcədən medal qazanacaqlarına inandığını bildirib: "2019-cu ildə bürünc medal əldə etmişdik. Bunun üçün daha inamlı oynayırdıq. Bu yarışda məqsəd, təbii ki, ilk "3-lük"də yer almaq idi və buna da nail olduq. Növbəti Avropa çempionatında daha yüksək yer tutacağımıza inanıram".
Birinci lövhədə 4-cü olan və yığmanın ən yaxşı göstəricisinə imza atan şahmatçı öz çıxışını da dəyərləndirib: "Komanda yoldaşlarımla birlikdə hər zaman milli üçün ən yaxşı oyunlarımızı göstərməyə çalışmışıq. Mən, sadəcə, üzərimə düşəni etmişəm. Qələbəmizi bizə inanan və dəstəkləyən hər kəsə həsr edirəm. Şəxsi hədəfim FIDE reytinqində ilk "3-lüy"ə daxil olmaqdır".