Azərbaycanı olimpiadada təmsil etmiş idmançı karyerasını başa vurdu

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil etmiş kanoe-slalomçu Yure Meqliç idmançı karyerasını başa vurub.  Meqliç bu ildən Avstriya milli komandasında məşqçi kimi fəaliyyətə başlayıb.

33 yaşlı idmançı Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətinə açıqlamasında qərarını belə şərh edib: "Mən olimpiadalarda uğur əldə etməyə can atırdım. Gərgin məşqlər edir, çox çalışırdım. Amma səhvlər olur, xüsusən də kanoe-slalomda. "Rio-2016"da da belə oldu. Məsafəni sürətlə keçmək üçün hər şeyi etdim. Amma bir neçə səhvə yol verdim. Yaş da əvvəlki deyil. Olimpiadadan sonra sentyabrın 7-11-də Sloveniyanın paytaxtı Lyublyanada Dünya Kubokunda da iştirak etdim və finala yüksələrək 7-ci yeri tutdum. Həmin reqatadan sonra Avstriya milli komandasından məşqçilik təklifi aldım. Artıq bu ildən məşqçiyəm. Məşqçi həmkarımla birgə 9 kanoe-slalomçu hazırlayırıq".

Meqliç idmançı karyerasını başa vurmasından məmnun olmadığını desə də, yarış vaxtı üzləşdiyi bəxtsizliyin onu belə addıma vadar etdiyini vurğulayıb: "Düzdür, finala yüksələrək 7-ci yeri tutmaq da yaxşı nəticədir. Lakin dəfələrlə demişəm ki, sürətli olduğum qədər də bəxtsizəm. Buna görə də karyeramı bitirməkdən məmnun deyiləm. Amma bu həyatdır. Bütün yaxşı şeylərin bir sonu olur".

Sonda Meqliç idmançı karyerası ərzində ona verdiyi dəstəyə görə AMAF rəhbərliyinə minnətdarlığını bildirib: "Federasiya uğurlu çıxışım üçün hər şeyi etdi. Buna görə AMAF rəhbərliyindən çox razıyam. Sadəcə, Azərbaycanı təmsil etməyə böyük komandadan gəlmişdim. Bu zaman məşqçi ilə təklikdə çalışmağım mənim üçün böyük dəyişiklik və ən böyük problem oldu. Hər bir problemin həlli üçün vaxt lazımdır. Tək olduqda münasib sınaqçı rəqib tapmaq da çətin olur. Bu mənada böyük komandada çalışsaydım, daha az səhvim olardı".

Qeyd edək ki, Yure Meqliç 2014-cü ilin əvvəllərindən Azərbaycanı təmsil etməyə başlayıb. Sloveniyalı 3 qat Avropa çempionu ölkəmizə kanoe-slalom növünün inkişafı məqsədilə cəlb olunub. Azərbaycanda kanoe-slalom növü üzrə yarış və məşq şəraiti olmadığından təcrübəli idmançı reqatalara xaricdə hazırlaşıb. Meqliç 2015-ci il dünya çempionatında lazımi nəticəni göstərərək 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. O, olimpiadada isə yarımfinal mərhələsində 14-cü yeri tutaraq mübarizəni dayandırıb. (report.az)