Azərbaycanın gənc şahmatçıları mükafatlandırılıb

Azərbaycan Şahmat Federasiyasında (AŞF) gənc şahmatçılarla görüş keçirilib.

Sportline.az xəbər verir ki, görüşdə qurumun prezidenti Mahir Məmmədov, birinci vitse-prezident Faiq Həsənov, Avropa Şahmat İttifaqının Prezidenti Zurab Azmayparaşvili, “Vüqar Həşimov” Klubunun kapitanı Anar Allahverdiyev, gənclərdən və yeniyetmələrdən ibarət milli komandaların baş məşqçiləri Fərid Abbasov və Cahangir Ağarəhimov iştirak ediblər.

Tədbirdə həmçinin məktəblilər arasında onlayn Avropa çempionatında medal qazanan gənc şahmatçılar - Nərmin Abdinova (13 yaş qızlar, qızıl medal), Şiroğlan Talıbov (15 yaşlı oğlanlar, gümüş medal)Əhməd Xaqan (10 yaşlı oğlanlar, gümüş medal)Lalə Hüseynova (11 yaş qızlar, bürünc medal), Əsnad Vəliyeva (10 yaş qızlar, bürünc medal) və klublar arasında Avropa Kubokunda 3-cü yeri tutan “Vüqar Həşimov” Klubunun üzvləri - Vüqar ƏsədliƏhməd Əhmədzadə, Murad İbrahimli dəvət olunub.

M.Məmmədov gənc şahmatçıları əldə etdikləri yüksək nəticələr münasibəti ilə təbrik edib və federasiyanın hər zaman yeniyetmə və gənc şahmatçılara dəstək olmağa çalışacağını bildirdi. AŞF rəhbəri “Vüqar Həşimov” şahmat klubunun Avropa Kubokunda bürünc medal qazanmasını ilin ən parlaq qələbələrindən biri kimi qiymətləndirib.

Daha sonra Z.Azmayparaşvili gənc şahmatçıları və “Vüqar Həşimov” Klubunun üzvlərini təbrik edib. Qonaq Azərbaycan şahmat məktəbinin dünya şahmatında özünəməxsus yüksək yerinin olduğunu söyləyib.

Məşqçilər adından çıxış edən A.Allahverdiyev səmimi sözlər üçün öz adından və şahmatçılar adından təşəkkür edib, federasiyanın göstərdiyi qayğının şahmatçıları gələcək uğurlara ruhlandıracağını vurğulayıb.

Tədbirin sonunda şahmatçılara AŞF adından mükafatlar təqdim olunub.