Azərbaycanın U-12, U-14 və U-16 qız basketbol liqalarında mükafatçılar müəyyənləşib

Azərbaycanın U-12, U-14 və U-16 qız basketbol liqalarında mükafatçılar müəyyənləşib.

Sportline.az xəbər verir ki, bu barədə Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Texniki Universitetinin idman zalında U-12, U-14 və U-16 liqalarında final və üçüncü yer uğrunda görüşlər keçirilib.

U-12 liqasının final oyununda İOEUGİM-8 komandası "AzStars" klubuna 48:31 hesabı ilə qalib gələrək çempion olub. "Birlik" klubu isə "Gəncə" üzərində 29:18 hesablı qələbə ilə 3-cü yeri tutub.

U-14 liqasının finalında AAAF klubu 59:22 hesabı ilə "Gəncə"dən güclü olub və çempionluğa sevinib. İEOUGİM-8 komandası 55:26 hesabı ilə "Cəlilabad"a qalib gələrək 3-cü pillədə qərarlaşıb.

U-16 liqasının final görüşündə "AzStars" klubu 74:32 hesabı ilə İOEUGİM-8 komandasından güclü olub və çempionluğu qazanıb. Üçüncü yerin sahibi isə AAAF kollektivinə 41:45 hesabı ilə qalib gəlmiş "Gəncə" olub. Həlledici oyunlardan sonra mükafatlandırma mərasimi baş tutub.

Kubok və medalçılara mükafatları qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Evren Alkaya, U-16 qız millisinin baş məşqçisi Ferhat Akcan və Hakimlər Komitəsinin sədri Ələkbər Həsənov təqdim ediblər.