"Barselona" və "Yuventus"un 5 ildir davam edən seriyası

Çempionlar Liqasının 1/4 final mərhələsi ərəfəsində UEFA "Barselona" və "Yuventus"la bağlı maraqlı statistika paylaşıb. SportLine.az qurumun saytına istinadən xəbər verir ki, hər iki komanda 2013-cü ildən bəri öz meydanlarında məğlub olmur.

Məğlubiyyətsizlik seriyası "Barselona"da 25 oyundur. Sonuncu dəfə 2012/2013-cü il mövsümündə "Bavariya"ya uduzan kataloniyalılar həmin vaxtdan "Kamp Nou"da məğlubiyyət acısı dadmayıblar. 

25 oyunda 23 qələbə qazanan "Barsa", 2 dəfə bərabərliklə kifayətlənib. Rəqibi 77 dəfə mərkəzə dəvət edən La Liqa təmsilçisi, 12 dəfə öz qapısında top görüb.

Qeyd. Çempionlar Liqası tarixində doğma meydanda ən uzun məğlubiyyətsizlik seriyası "Barselona"ya məxsusdur. Kataloniya klubu 2013-cü ildə 29 məğlubiyyətsiz görüşdən sonra "Bavariya"ya uduzub.

"Yuventus" da sonuncu dəfə doğma meydanda 2013-cü ildə məğlubiyyət acısı dadıb. Maraqlıdır ki, "qoca sinyora"nı da üstələyən "Bavariya" idi. 

Bundan sonra doğma meydanda uduzmayan Turin klubunda məğlubiyyətsizlik seriyası 23 oyuna barədbərdir. 14 qələbə, 7 heç-heçəyə imza atan "Yuve" bu müddət ərzində rəqib qapılarına 37 dəfə yol tapıb, 16 dəfə isə oyuna mərkəzdən başlayıb.

Qeyd edək ki, Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində "Barselona" "Roma" ilə, "Yuventus" isə "Real"la münasibətləri aydınlaşdıracaq.