Bəhreyndə gümüş medal
Şpaqa üzrə Azərbaycan yığma komandası Bəhreynin paytaxtı Manamada gənclər arasında Dünya Kubokunun mərhələ yarışında iştirak edib.
Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən SportLine.az-a verilən məlumata görə, turnirə Ruslan Həsənov, Barat Quliyev, Kənan Məlikzadə və Xalid Əliyev qatılıb.
Həsənov qrup mərhələsində keçirdiyi 5 görüşü qalib başa vurmaqla, mütləq nəticə ilə pley-offa yüksəlib. O, ardıcıl olaraq, küveytli Xələf Əlmutairini 15:9, Səudiyyə Ərəbistanı təmsilçisi Ömər Alakkası 15:10, iordaniyalı İyad Odehi 15:13 və qazaxıstanlı Aleksandr Savini 15:7 hesabı ilə yenərək, finala yüksəlib. Həlledici qarşılaşmada Həsənov çexiyalı Yakub Yurkaya 6:15 hesabı ilə uduzub və gümüş medal qazanıb.
Qrup mərhələsini 3 qələbə ilə başa vuran Quliyev isə Səudiyyə Ərəbistanı təmsilçiləri Əbdülkərim Alotaibini 15:7, Hüseyn Altaveli 15:9 hesabı ilə məğlub etsə də, 1/8 finalda estoniyalı Yaron Kiroyaya uduzub - 10:15.
Qrup mərhələsində 4 qələbə qazanan Əliyev isə 1/16 finalda bəhreynli Abdulla Abdulkərəm Mesferə yenilib - 9:15.
Qrupu 2 qələbə ilə başa vuran Məlikzadə isə 1/32 finalda bəhreynli Abdulla Albaluşiyə 15:14 hesabı ilə qalib gəlsə də, 1/16 finalda braziliyalı Aleksandr Kamarqoya məğlub olub - 6:15.