Rafael Ağayev bir illik fasilədən sonra tatamiyə qayıdır
Bir illik fasilədən sonra Azərbaycan milli komandası beynəlxalq karate turnirlərinə qatılacaq.
Sportline.az xəbər verir ki, idmançılarımız martın 12-14-də İstanbulda Karate 1 Premyer Liqa turnirində iştirak edəcəklər.
Qurumun prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə 21 idmançı yer alıb. Yarışa yollanan baş məşqçilər Qurban Tağıyev, Denis Morozov və Vaid Ayvazov, eləcə də böyük məşqçilər Şahin Xudaverdiyev və Rəşad Hüseynovun bəzi çəkilərdə bir neçə idmançı ilə tatamiyə çıxacaq.
Kumiteçilərdən Firdovsi Fərzəliyev, Sultan Hüseynov, Əminağa Quliyev (hər üçü 60 kq), Tural Ağalarzadə, Rafiz Həsənov (hər ikisi 67 kq), Rafael Ağayev, Fərid Ağayev (hər ikisi 75 kq), Turqut Həsənov, Pənah Abdullayev, Ayxan Mamayev (hər üçü 84 kq), Asiman Qurbanlı və Əli Cəfərov (hər ikisi +84 kq) çəki dərəcəsində döyüşəcək.
Qadınların yarışında isə Nuranə Əliyeva, Fidan Teymurova (50 kq), İlahə Qasımova, Mədinə Sadıqova (hər ikisi 55 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) mübarizə aparacaq.
Kata çıxışlarında Roman Heydərov (fərdi), həmçinin Rövşən Əliyev, İsmayıl Quliyev və Tural Balcanlıdan ibarət komanda iştirak edəcək.
Beynəlxalq hakimlər Cahangir Babayev, Vüqar Kərimov və Anar Allahverdiyev nüfuzlu Premyer Liqa turnirini idarə edənlər arasında olacaq. İstanbulda Karate1 Premyer Liqa turnirinə 75 ölkədən 865 karateçi qatılacaq.
Milli komanda yarışdan əvvəl İstanbulda 10 günlük təlim-məşq toplanışında iştirak edib.