Boks millimiz Avropa çempionatında rekordunu yeniləyib
Azərbaycan millisi 22 yaşadək boksçular arasında Avropa çempionatında medal rekordunu yeniləyib.
Sportline.az xəbər verir ki, yığma bu nailiyyətə Monteneqronun Budva şəhərində keçirilən qitə birinciliyində imza atıb.
Belə ki, millimiz tarixində ilk dəfə Avropa çempionatında 5 medal qazanıb. İndiyədək boksçularımız analoji yarışda 4 dəfə fəxri kürsüyə yüksəlmişdilər. Komanda 2012-ci ildə Rusiyada, 10 il sonra Xorvatiyada 1 qızıl, 1 gümüş və 2 bürünc medala yiyələnib.
Budvadakı yarışda Nicat Hüseynov (51 kq) 2 qat Avropa çempionu tituluna yiyələnib. Ondan əvvəl 2012-ci ildə Elvin İsayev (60 kq), 2019-cu ildə Məhəmməd Abdullayev (+91 kq) qitə birinciliyinin qızıl medalına sahib olublar.
U-22-lərin Avropa çempionatı həmçinin qadınların yarışında Azərbaycanın ilk medalını qazanması ilə əlamətdar olub. Komandanın heyətində Marjona Savriyeva (50 kq) 3-cü yeri tutaraq, adını boks tariximizə yazdırıb.
Qeyd edək ki, Monteneqrodakı Avropa çempionatında Azərbaycan yığmasının heyətində Nicat Hüseynov (51 kq) qızıl, Əzrək Bəbirov (57 kq) gümüş, Tural Sarıyev (48 kq), Murad Allahverdiyev (80 kq) və Marjona Savriyeva (50 kq) bürünc medal qazanıblar.