Boksçularımız Dünya çempionatının yarımfinalında

Azərbaycan boksçuları Alfonso Dominges və Məhəmməd Abdullayev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında yarımfinala yüksəliblər.

Sportline.az xəbər verir ki, 86 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda yerli idmançı Şoxcahon Abdullayevlə qarşılaşıb.

Rəqibinə 5:0 hesabı ilə qalib gələn Dominges yarımfinala adlamaqla ən azı bürünc medalı təmin edib.

 92 kq-dan yuxarı çəkidə mübarizə aparan Məhəmməd Abdullayev isə 1/4 finalda gürcüstanlı Nikoloz Beqadzeni yenib.

Qeyd edək ki, daha əvvəl Azərbaycan boksçularından Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq) və Eldar Quliyev (92 kq) mundialı medalsız başa vurub.