"Bu qələbəmizi klub prezidentinə həsr edirik"

"Qol vurduqdan sonra oyunda diqtə edən tərəf biz idik, rəqibə çox şans vermədik. Bu qələbəni klub prezidentimizə həsr edirik, çünki bu gün onun doğum günüdür".

Sportline.az xəbər verir ki, bu sözləri "İmişli"nin baş məşqçisi Jorj Kaşkilya Misli Premyer Liqasının 27-ci turu çərçivəsində səfərdə "Qəbələ" üzərində qazandıqları qələbəni (1:0) şərh edərkən bildirib. Mütəxəssis ilk növbədə futbolçularının psixoloji geridönüşünü və azarkeş dəstəyini xüsusi vurğulayıb:

"Öz oyunçularımı bu gözəl nəticəyə görə təbrik edirəm. Azarkeşlərimizə də dərin təşəkkürümü bildirirəm, sayca az olsalar da, hər zaman yanımızdadırlar. "Neftçi" ilə oyundan sonra komandada müəyyən ruh düşkünlüyü yaranmışdı, lakin futbolçularım öz xarakterlərini nümayiş etdirərək geri dönüş edə bildilər. Son iki oyunda 4 xal yığmışıq ki, bu da bizim üçün həyati əhəmiyyət kəsb edirdi. "Turan Tovuz" və "Qəbələ" kimi çətin rəqiblərlə görüşlərdən xallarla ayrılmaq çox pozitiv amildir".

J. Kaşkilya mətbuat nümayəndələrindən birinin əvvəlki proqnozunu cavablayaraq qələbəni klub rəhbərliyinə həsr etdiklərini qeyd edib:

"Burada olmayan bir jurnalistə xüsusi cavab vermək istəyirəm. "Neftçi" ilə matçdan sonra bizə "Turan Tovuz"la görüşdə 7:0-a hazırsınız?" sualını ünvanlamışdı. Bu gün qazandığımız nəticə həmin jurnalistə bizim cavabımızdır. Bugünkü oyuna gəlincə, taktika və strategiyamız mükəmməl işlədi. Belə matçlarda adətən qol az olur və taktiki mübarizə ön plana çıxır. Qol vurduqdan sonra oyunda diqtə edən tərəf biz idik, rəqibə çox şans vermədik. Bu qələbəni klub prezidentimizə həsr edirik, çünki bu gün onun doğum günüdür".

Baş məşqçi komandanın liqadakı hədəfləri və cari vəziyyəti barədə verilən suala isə belə aydınlıq gətirib:

"Komandamız nümayiş etdirdiyi əzmkarlıqla mənliyini və xarakterini sübut etdi. Bizim üçün ən vacib məqam Premyer Liqadakı yerimizi qorumaqdır. "Karvan-Yevlax", "Qəbələ" və "Kəpəz" kimi iddialı komandaların olduğu yarışda biz öz mövqeyimizi itirməmişik. Hazırda 26 xalımız var".