“Büdcə fərqi öz sözünü deyir" - Azər Bağırov

"Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 28-ci turunda "İmişli"yə uduzduqları matç (0:1) haqda danışıb.

Sportline.az xəbər verir ki, mütəxəssis məğlubiyyəti belə şərh edib:

"İmişli"nin müdafiədə necə qapanmasını bilirdik və oyunçularımıza da bunu bildirmişdik. Xüsusilə standart vəziyyətlərdən ehtiyatlı olmağı tapşırmışdıq, lakin məhz bu vəziyyətdən qol buraxdıq. Son oyunlar daha vacib olacaq, ona görə də bu matçı unudub komandanı qələbəyə kökləmək lazımdır".

Azər Bağırov son vaxtlar klub ətrafında yaranan söz-söhbətlərin məğlubiyyətdəki roluna dair sualı belə cavablandırıb: 

"Hər şey ola bilər, futbolçular da insandır. Fikrimcə, oyuna yaxşı köklənmişdik, sadəcə xırda bir səhvdən qol buraxdıq. Rəhbərlik də dəyişə bilər, bu normaldır. Amma futbolçular peşəkar olmalı və bu düşüncələrdən uzaq durmalıdırlar. Xüsusilə Gəncənin Azərbaycan futbolundakı yerini nəzərə alsaq, burada futbol oynamaq üçün daha məqsədyönlü olmaq lazımdır".

Mütəxəssis oyundan sonra qapıçı Yusif İmanovla azarkeşlər arasında yaşanan insidentə də sərt reaksiya verib: 

"Yusif nə qədər əsəbi olsa da, azarkeşlərə qarşı o cür addım atması qəbuledilməzdir. Yusif şəxsən mənim tərəfimdən cəzalandırılacaq. Lakin o, artıq öz səhvini başa düşüb. Sona qədər bizə dəstək olan azarkeşlərlə belə davranmaq xoş deyil".

Paltardəyişmə otağındakı aqressiv reaksiyasının səbəbinə aydınlıq gətirən baş məşqçi ümumi narazılığını ifadə edib: 

"Mən şəxsən kiməsə irad bildirmirəm, mənim üçün futbolçunun fərqi yoxdur. Sadəcə ümumi şəkildə iradım ola bilər. Biz komandayıq, qələbə qazandığımız oyunlarda necə canla-başla oynayıblarsa, bu matçda da elə olmalı idi. Bir az əsəbi olmağımın səbəbi bu idi".

Azər Bağırov "Kəpəz"in turnir cədvəlinin aşağı pillələrində mübarizə aparması və klubun hədəfləri ilə bağlı sualı isə büdcə fərqi ilə əsaslandırıb: 

"Bu məsələyə bir az əks tərəfdən baxaq. İlk 5-6-cı yerlər uğrunda mübarizə aparan komandalarla özümüzü müqayisə etsək, büdcə fərqi öz sözünü deyir. Yuxarı yerlər uğrunda vuruşmaq üçün ən azı 18 bərabər səviyyəli futbolçun olmalıdır. Yaxşı futbolçu komandanı irəliyə aparan əsas amildir".