"Bursaspor" prezidenti: Prosineçkinin keçidini şəxsən özüm həll etməyə çalışıram
"Bursaspor" klubunun prezidenti Ali Ay Azərbaycan millisinin baş məşqçisi Robert Prosinçeki ilə danışıqlar apardığını təstiqləyib. SportLine.az xəbər verir ki, o, "beIN Sports"a açıqlamasında xorvatiyalı mütəxəssisin keçidi məsələsi ilə şəxsən özü məşğul olduğunu deyib:
"Prosineçkinin "Bursaspor"a keçməsi ilə bağlı danışıqlar davam edir. Hələ müqavilə imzalamamışıq və bizim məşqçimiz deyil. Ancaq bu işlə şəxsən özüm məşğul oluram".
A.Ay ötən mövsümkü uğursuzluğu yalnız xarici məşqçinin köməyi ilə unutdura biləcəklərini bildirib:
"Xarici mütəxəssis tərəfdarıyam. Belə qərar verməyimə ötən mövsüm səbəb oldu. Azarkeşlərimizdən üzr istəyirəm. Bir də bu cür nəticələrlə qarşılaşmaq niyyətimiz yoxdur".
Qeyd edək ki, danışıq zamanı “Bursaspor”un Prosineçkiyə 2+1 şərti ilə müqavilə təklif etdiyi bildirilib. Rəhbərlik xorvatiyalıdan iki il ərzində çempionluq uğrunda mübarizə aparacaq komanda qurmasını istəyir.
Klub rəsmiləri R.Prosineçkinin meneceri Yaşar Çalışıra transfer məsələləri ilə məşğul olan nümayəndə və skaut qrupunun mütəxəssisin ixtiyarında olacağını çatdırıb. Yəni danışıqlar baş tutsa, Prosineçkinin istəyəcəyi futbolçular “Bursaspor”a transfer ediləcək.