Canni De Byazi: "Komandada atmosfer yaxşıdır"
"Komandada atmosfer yaxşıdır.
Sportline.az xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi Slovakiyaya qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyunundan əvvəl mətbuat konfransında deyib.
66 yaşlı mütəxəssis yaxşı nəticə qazanmaq istədiklərini bildirib: "Ümid edirəm ki, sabahkı görüşdən sonra da atmosfer yaxşı olacaq. 4 matçda göstərdiyimiz oyuna görə az xal yığmışıq. Slovakiya ilə qarşılaşmada əldə olunan imkanlardan istifadə etmək istəyirik".
De Byazi sabahkı matçda qələbə qazanmaq istədiklərini söyləyib: "Öz oyunumuz haqqında düşünməliyik. Kompakt şəkildə oynayaraq qalib gəlməliyik. Hər şey bizdən asılıdır. Rəqibdən qorxmamalıyıq. Onlara necə çətinlik yaradacağımızı bilirik".
İtaliyalı baş məşqçi yığmadakı taleyi ilə bağlı da danışıb: "Yekun qərarı federasiya verəcək. Hər şeyə rəğmən əvvəlki kimi dost olacağıq. Qarşıdakı iki qarşılaşmanın bu məqamda həlledici olacağını düşünmürəm".
Qeyd edək ki, sentyabrın 22-də Trnava şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.