Cavid Hüseynov mingəçevirli azarkeşlərə səsləndi
Ötən gün Region Liqasının 1/4 final mərhələsinin ilk oyununda Mingəçevirin "Energetik" klubu Cəbrayılın eyniadlı kollektivini qəbul edib. Oyun qonaqların əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.
"Cəbrayıl" klubunun təsisçisi və çalışdırıcısı, millimizin sabiq yarımmüdafiəçisi Cavid Hüseynov komandasının uğurlu çıxışı və digər planları ilə bağlı danışıb.
Baş məşqçi əvvəlcə komandasının uğurlu çıxışının əsas səbələrini açıqlayıb:
"Qış fasiləsindən sonra komandada böyük dəyişiklik etdik. Heyətin 60 faizini yenilədik. Perspektiv vəd edən, istedadlı futbolçuları saxladıq, digərləri ilə yollarımızı ayırdıq. Çünki qışdan sonra bizim planlarımız daha ciddi şəkil almışdı. Fasiləyə qədər turniri izlədik, öyrəndik. Çıxışımız daha çox kəşfiyyat xarakteri daşıyırdı. Çempionatla tanış olandan sonra qərara gəldik ki, bu komanda ilə mümkün qədər irəliləməliyik. Düşünürəm ki, bu gün yaxşı çıxış etməyimizin başlıca səbələrindən biri lazım olan heyəti formalaşdırmağımızdır".

34 yaşlı mütəxəssis üzərinə götürdüyü öhdəliyin riskli olduğunu vurğulayıb: "Komanda bu mövsüm sıfırdan yığılıb. Düzdür, çempionata yenicə qədəm qoyanda klubun uğrlu çıxış etməsini təxmin etmək bir qədər çətin idi. Heç nədən komanda yaratmağın, bu işin altına girməyin nə dərəcədə çətin və riskli oluğunu bir çoxları bilir. Bəzi futbol adamlarının belə bir addımı atmadığının şahidi oluruq. Amma biz bu işə başladıq və şükürlər olsun ki, hələ hər şey plan üzrə gedir. Nə qədər bacarsaq, irəliləyəcəyik. Əsas odur ki, komandanın ruhunu görək. Heyətimizdə 2002-2003-cü il təvəllüdlü gənc futbolçularımız var. Onların yaxşı nəticə göstərib daha yüksək çempionatlarda iştirak etmələrini istərdim. Komandadakı gənclər gərək bizim təcrübəmizdən faydalansınlar, nəsə görüb-götürsünlər. Bundan sonra hara qədər gedə biləcəyimizi tək allah bilir. Məqsədimiz maksimum nailiyyətlər əldə etməkdir."
Hüseynov Mingəçevir futboluna və azarkeşlərinə də toxunub:
"Tribunalarda dörd minə yaxın azarkeş var idi. Onların hardasa 100 nəfəri "Cəbrayıl" tərəfdarları idi. Mingəçevir futbol şəhəridir. Mən təəssüf edirəm ki, bu şəhərdə stadionun vəziyyəti ürəkaçan deyil. Paltardəyişmə otağı, ot örtüyü bərbad vəziyyətdədir. Şəhərdə futbola belə maraq varsa, bu boyda stadion varsa, niyə də oranı yenidən gözəl şəkildə bərpa etməsinlər ki? Futbola bu qədər marağı olan şəhəri futbolsuz təsəvvür etmək çətindir. Azarkeşlər komandalarını yüksək səviyyədə dəstəkləyirdilər. Yaxşı izləyici kütləsi var idi. Hətta bir balaca gərgin anlar da yaşandı ki, bu da futbola bir qədər maraq qatır. Əlbəttə, belə bir halların olmasını istəməzdik. Amma bu futboldur və belə hadisələrin baş verməsi təbiidir. Azarkeşdir, çılğın da olur, sakit də olur. Mingəcevir azarkeşlərinə üzümü tutub demək istəyirəm ki, komandalarını hər zaman dəstəkləsinlər və onlara gələcəkdə uğurlar arzu edirəm".
fanat.az