Çempionlar Turu: Bu gün 1/4 final mərhələsinə start veriləcək

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində bu gün 1/4 finalın görüşləri keçiriləcək.

Sportline.az xəbər verir ki, "Magnus Carlsen Invitational" adlanan yarışın bu raundu 2 gün davam edəcək.

Qarşılaşmalar 4 rapid, 2 blits partiya və ehtiyac yarandıqda armageddon olmaqla, nokaut sistemi ilə 2 görüşdən ibarət olacaq.

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təsnifat mərhələsindən sonra ilk "8-liy"ə düşə bilmədikləri üçün bu raundda iştirak etməyəcəklər.

"Magnus Carlsen Invitational"

1/4 final

Maqnus Karlsen (Norveç) - Levon Aronyan (Ermənistan)

Yan Nepomnyaşi (Rusiya) - Hikaru Nakamura (ABŞ)

Uesli So (ABŞ) - Alireza Firuzca (FIDE)

Maksim Vaşye-Laqrav (Fransa) - Aniş Giri (Niderland)

Qeyd edək ki, "Magnus Carlsen Invitational" Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə "Report" İnformasiya Agentliyinin feysbuk və yutub səhifələrində canlı yayımlanır. Dördüncü yarış günündə aparıcı, beynəlxalq qrossmeyster Vasif Durarbəylinin qonağı jurnalist, "Tərəqqi" medalının sahibi Vüqar Vüqarlı olacaq.

Xatırladaq ki, turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq. Yarış martın 21-də yekunlaşacaq. Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsində qalib, III mərhələsində isə 3-cü yerin sahibi olub.