“Daha az səhv edən kuboku qazanacaq"

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 30-cu turunda "Şamaxı"ya qalib gəldikləri matç (3:0) haqda danışıb.

Sportline.az xəbər verir ki, baş məşqçi çempionluq xəbərindən sonra komandanı matça kökləməyin çətinliyini etiraf edərək inamlı qələbəyə görə futbolçularına və azarkeşlərə təşəkkürünü bildirib:

"İlk növbədə futbolçularımızı və bizi daim dəstəkləyən azarkeşlərimizi qələbə münasibətilə təbrik etmək istəyirəm. Düzdür, həftəiçi çempionluq xəbərini aldıqdan sonra bu matça tam köklənmək bir qədər çətin idi. Buna baxmayaraq meydanda əzmlə mübarizə aparan oyunçularıma təşəkkür edirəm və çox xoşbəxtəm. "Şamaxı" kimi komandaya üç qol vurmaq heç də asan məsələ deyil. Bu gün meydanın hər bir qarışında dominantlıq edən tərəf biz idik. Futbolçularıma peşəkar yanaşmalarına görə bir daha minnətdarlığımı bildirirəm".

Litvalı mütəxəssis əldə edilən tarixi çempionluğu karyerasının ən böyük nailiyyətlərindən biri adlandırıb:

"Bu, mənim karyeramda üçüncü çempionluğumdur. Daha əvvəl Litva və Bolqarıstanda da bu uğura imza atmışam. Hesab edirəm ki, bu çempionluq mənim ən böyük nailiyyətlərimdən biridir. Səhv etmirəmsə, artıq 9 aydır ki, məğlub olmuruq və kifayət qədər çox qol vurmuşuq. Azərbaycan çempionatı həqiqətən çox ağır və rəqabətlidir. Çempionlar Liqasında mütəmadi çıxış edən bir komandanı geridə qoyaraq çempion olmaq heç də asan başa gəlmir".

O, ölkə kubokunun finalı ilə bağlı fikirlərini bölüşərək əsas hədəfin qələbə qazanmaq olduğunu vurğulayıb:

"Kubokun finalı həlledici bir oyundan ibarətdir. Kim meydanda daha yaxşı çıxış edib daha az səhvə yol verəcəksə, qalib də o olacaq. Hər kəs meydana çıxaraq öz işini ən yüksək səviyyədə görməlidir. Bizim üçün bu matçda da qalib gəlmək çox önəmlidir. Əsas hədəfimiz meydana çıxıb layiqli qələbə qazanaraq kuboku başımız üzərinə qaldırmaqdır".

Baş məşqçi 2-ci Liqa klublarının belə heyətinə qatmaq istəmədiyi, lakin əsas komandada debüt şansı qazanan Cəfər Muxtarov barədə verilən sualı cavablandırarkən gənc futbolçunun keyfiyyətlərini yüksək qiymətləndirib:

"Onun əsas komandamıza cəlb olunması bir qədər təsadüfi və maraqlı alındı. Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə zamanı əvəzedici heyətdən gələrək məşqlərimizə qoşuldu. Qısa müddətdə onda çox müsbət keyfiyyətlərin olduğunu müşahidə etdim. Topa inamla nəzarət edir və ilk ötürmələri olduqca dəqiqdir. O, tətbiq etdiyimiz oyun fəlsəfəsinə tam uyğun gəldi. Komanda olaraq topa daha çox sahib olmağa və irəli oynamağa üstünlük veririk ki, Cəfərdə də məhz bu xüsusiyyətlər cəmləşib. Oktyabr ayından bəri bizimlə birgə məşq edir. Düzdür, indiyə qədər rəsmi matçlarda kifayət qədər oyun praktikası qazanmamışdı, lakin bu gün ona dəstək olaraq bu şansı yaratdıq. Ümumiyyətlə, məşqlərdə iştirak edən hər bir oyunçumuzun qazandığımız uğurlarda öz payı var. Bu gün də biz onlara çəkdikləri əziyyətin bəhrəsi olaraq bu fürsəti, bir növ layiq olduqları mükafatı verdik". 

Mütəxəssis komandadakı yüksək rəqabətdən bəhs edərək milli komandanın da bu cür istedadlı oyunçuları diqqətdə saxlamalı olduğunu vurğulayıb:

"Bizim kimi çempion komandalarda standartlar və daxili rəqabət həddindən artıq yüksək olur. Bəzən oyunçular məşqlərdə nə qədər çox çalışsalar da, onlara rəsmi matçlarda şans vermək imkanımız olmur. Cəfər Muxtarov və onun kimi digər futbolçular isə şəxsi eqolarını kənara qoyaraq yalnız komandanın mənafeyi üçün çalışırlar. Məşq prosesimizin yüksək və rəqabətli səviyyədə keçməsi üçün əllərindən gələnin ən yaxşısını edirlər. Hesab edirəm ki, milli komandanın məşqçilər korpusu da Cəfər Muxtarovu mütləq diqqətdə saxlamalıdır. Əgər topa daha çox nəzarət edən, baxımlı futbol oynamaq istəyiriksə, belə oyunçulara xüsusi önəm verməliyik, çünki o, həm də çox dəqiq açar ötürmələri ilə seçilir. Gələcəyin nələr vəd edəcəyini indidən demək çətindir, amma o, mütləq şəkildə bu gün meydanda olmağa tam layiq idi".