Denis Silva antirekorda şərik oldu

Topaz Premyer Liqasının 2017/18 mövsümündə ilk dəfə eyni oyunda iki avtoqol qeydə alınıb. SportLine.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, bu, “Sumqayıt”ın “Keşlə” ilə ev matçında gerçəkləşib. Qonaqların futbolçuları Denis Silva və Adrian Skarlatake hərəyə 1 dəfə öz qapısına qol vurub. Sonuncu Azərbaycan çempionatlarında 2-ci dəfə belə uğursuzluq yaşayıbsa, braziliyalı müdafiəçi Premyer Liqada 3-cü dəfə avtoqol müəllifi olub. Cənubi amerikalı 2010/11 mövsümündə “Neftçi”nin heyətində “Bakı”, ötən çempionatda “İnter”in forması ilə “Zirə” ilə görüşdə öz qapısına qol vurmuşdu. 3-cü avtoqolla Denis Azərbaycan çempionatları tarixinə ən çox belə uğursuzluq yaşayan futbolçu ünvanına şərik olub. O, antirekordun 6-cı müəllifidir. Denisədək Ayxan Abbasov, Saşa Yunisoğlu, Natiq Qasımov, Ruslan Abışov və Jairo Rodriges də 3 avtoqola üzülmüşdü.