“Dinamo” azarkeşləri Mahiri alqışladı

“Mahir Emreli “Dinamo”da ikinci qolunu vurmağa müvəffəq oldu. Bu, Mahirin “Maksimir” stadionundakı (“Dinamo” Zaqrebin stadionu - red.) ilk qolu idi”.

Sportline.az xəbər verir ki, bu sözlər Xorvatiyanın “Veçernji” nəşrindəki yazıdandır. Dünən yerli liqanın 31-ci turunun “Dinamo” - “İstra” matçına (3:0) həsr olunan yazıda M.Emreli barədə müsbət fikirlər yer alıb.

“Emreli 71-ci dəqiqədə Petkoviçlə əvəzlənərkən azarkeşlər tərəfindən alqışlandı” - deyə yazıda bildirilir.

Qeyd edək ki, Emrelinin dünən matçdan sonra paylaşdığı videoda isə azarkeşlərin ondan avtoqraf aldığı əks olunub. 

Xatırladaq ki, Emreli dalbadal iki oyundur Xorvatiya yüksək liqasında  qol vurur.