"Düşünürdüm, ilk "100-lük"də olaram, ..." - AÇ-nin ən yaxşı qadın şahmatçısı

"Avropa çempionatının iştirakçılarının reytinqində 205-ci yerdəydim. Yarışa başlamazdan əvvəl düşünürdüm ki, ilk "100-lük"də olaram, amma "50-liy"ə düşdüm".

Sportline.az xəbər verir ki, bunu Fanat.Az-a Sloveniyada keçirilən Avropa çempionatında qadınlar arasında ən yaxşı nəticə göstərən Azərbaycan şahmatçısı Gövhər Beydullayeva deyib. 

11 turdan 7 xal toplayan və beləliklə, ümumi sıralamada 46-cı, turnirin 30 qadın iştirakçısı arasında isə 1-ci olan 19 yaşlı şahmatçı yarışın onun üçün çox uğurlu keçdiyini bildirib:

"Yarış kişilərin Avropa çempionatı idi. Ümumilikdə 40 ölkədən 317 şahmatçı iştirak edirdi. Bu, kişilərin Avropa çempionatında ilk çıxışım idi. Çox güclü və çətin turnir oldu. Hər tur kişi qrossmeyster və beynəlxalq ustalarla oynayırdım. Mənim üçün böyük təcrübə oldu. Yekunda kişilər arasında beynəlxalq usta dərəcəsinin ilk, qadınların qrossmeysteri üzrə isə son normanı yerinə yetirdim. Bundan əlavə, reytinqimi 75.8 punkt qaldıra bildim. Canlı reytinqim 2383-dür. Ümumilikdə yarış mənim üçün çox uğurlu keçdi".

Qeyd edək ki, 27 mart - 6 aprel tarixlərində təşkil olunan Avropa çempionatında Azərbaycanı ümumilikdə 15 şahmatçı (14 kişi, 1 qadın) təmsil edib. Təmsilçilərimiz arasında ən yaxşı göstəriciyə Vasif Durarbəyli nail olub. Səkkiz xal toplayan 30 yaşlı qrossmeyster yarışı 8-ci sırada tamamlayıb. Ondan yarım xal geri qalan Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov və Qədir Hüseynov müvafiq olaraq 9-11-ci pillələrdə qərarlaşıblar. Qitə çempionu aktivinə 8,5 xal yazan almaniyalı Mattias Blübaum olub. İlk "20-lik"də qərarlaşan şahmatçılar 2023-cü ildə keçiriləcək Dünya Kubokuna vəsiqə qazanıb.