Elxan Məmmədov: "Kosovo ilə matça çıxmaqdan imtina etmişik"

"Kosovonun müstəqilliyini tanımırıq. Onların bu turnirdə iştirak edəcəyini bilmirdik. Öyrənəndən sonra onlarla görüşə çıxmaqdan imtina etdik”. SportLine.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Türkiyədə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin iştirak etdiyi "Antalya Kuboku" turnirdə Kosovo millisinin çıxışı barədə əvvəlcədən məlumatlı olmadıqlarını deyən Elxan Məmmədov bildirib ki, "Yarışdan əvvəl Kosovonun da həmin turnirdə iştirak edəcəyi ilə bağlı bizə rəsmi sənəd gəlməmişdi. Biləndən sonra mövqeyimizi açıqladıq ki, son turda onlarla görüşə çıxmayacağıq. 11-12 yaşlıların oyunu olsaydı, bəlkə də, komandamız meydana çıxardı. Çünki siyasi məsələlərin uşaqların futbol oynamalarına mane olmasını istəməzdik. Amma bu, milli komandadır. Bu səbəbdən də biz Kosovo ilə matça çıxmaqdan imtina etmişik. Onsuz da, bu gün Bəhreyn üzərində qələbə qazansaq, turnirin birincisi olacağıq”.