Faciə: Futbol oyunundan sonra 127 nəfər öldü
İndoneziya çempionatının 11-ci turu çərçivəsində Malanqdakı Kanjuruhan stadionunda keçirilən "Arema" - Persebaya" oyunu (2:3) faciə ilə başa çatıb.
Sportline.az "Reuters"ə istinadən xəbər verir ki, oyundan sonra baş verən iğtişaşlar 127 nəfərin həyatına son qoyub
Komandalar arasındakı matç yerli derbi hesab olunduğu üçün stadion azarkeşlərlə dolu olub. Final fitindən sonra "Arema" azarkeşlərinin davranışı iğtişaşlara çevrilib və təhlükəsizlik xidməti futbolçuları meydandan kənarlaşdırıb. Daha sonra azarkeşlər qazona çıxıb və onlarla polis arasında atışma olub. Qəzəblənən azarkeşlər təhlükəsizlik qüvvələrinə müxtəlif əşyalar tullamağa başlayıblar və polislər buna cavab olaraq dəyənəklərdən və gözyaşardıcı qaz qumbaralarından istifadə ediblər.
Bu, çaxnaşmaya səbəb olub. Çox sayda fanat meydana daxil olub və bu da izdiham yaradıb. Çoxlu azarkeş yıxılaraq kütlənin ayaqları altında qalıb.
Polisin gözyaşardıcı qazdan istifadə etməsindən sonra azarkeşlərin nəfəs almasında problem yaranıb, onlar huşlarını itirərək qazona yıxılıblar. Polisin məlumatına görə, stadionda izdiham zamanı 34 nəfər ölüb, digər zərərçəkənlər isə xəstəxanada dünyasını dəyişib. Ölənlər arasında iki polis də var.
İnsidentdən sonra İndoneziya Futbol Federasiyası matçları bir həftəlik dayandırıb, həmçinin "Arema"ya mövsümün sonuna qədər öz stadionunda oyun keçirməyi qadağan edib.