Fatih Terim Arda Turanın məsələsi ilə bağlı fikirlərini bölüşdü
Türkiyə millisinin baş məşqçisi Fatih Terim futbolçu Arda Turan və jurnalist Bilal Meşe arasında yaşanan xoşagəlməz hadisə ilə bağlı fikirlərini bölüşüb. SportLine.az NTV Spor-a istinadən xəbər verir ki, mütəxəssis baş verənlərə təəssüfləndiyini bildirib:
"Arda bizim övladımızdır. Görünür, həmin an psixologiyası vəziyyəti düzgün qiymətləndirməyə hazır olmayıb. Nəticədə, bu hadisə yaşanıb".
"Elə bildim, stüardessalarla bağlı nəsə problem var", - deyən F.Terim həmin an məsələ barədə xəbərsiz olduğunu dilə gətirib: "Təyyarənin ən ön tərəfində oturmuşdum. Ona görə, hadisə barədə gec xəbər tutdum. Köməkçilərim mənə bu barədə məlumat çatdırdılar. Mən də otelə gedib dincələk, sonra bu barədə danışarıq dedim".
Xatırladaq ki, hadisənin ardından Türkiyə Futbol Federasiyasının pezidenti Yıldırım Dəmirörən və Fatih Terimin iştirakı ilə keçirilən iclasda məsələnin ictimailəşməsi nəzərə alınaraq A.Turan düşərgədən uzaqlaşdırılmışdı. Bundan sonra mətbuat konfransı təşkil edən futbolçu milli komanda ilə vidalaşdığını bildirmişdi.