FIDE Qran-Prisi: Məmmədyarov beşinci görüşünü keçirəcək
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqradda təşkil olunan FIDE Qran-Prisində növbəti görüşünü keçirəcək.
Sportline.az xəbər verir ki, D qrupunda yer alan 36 yaşlı qrossmeyster V turda rusiyalı Aleksandr Predke ilə üz-üzə gələcək. Keçirdiyi bütün qarşılaşmaları heç-heçə başa vuran təmsilçimiz bu dueldə qara fiqurlarla mübarizə aparacaq.
Qrupun digər görüşündə fransalı Maksim Vaşye-Laqrav çinli Yu Yanqyunu sınağa çəkəcək.
Hazırda qrupa 2,5 xalla Laqrav başçılıq edir. Məmmədyarov və Yanqyunun hesabında 2, Predkenin 1,5 xalı var.
Əsasnaməyə görə, dairəvi sistemlə ikidövrəlik mübarizənin sonunda yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Həm yarımfinal, həm də final 2 klassik oyundan və lazım gələrsə, tay-breykdən ibarət olacaq.
Seriyada ümumilikdə 24 şahmatçı iştirak edir. Hər bir şahmatçı seriyanın maksimum iki turnirində oynaya bilər. Şəhriyar Məmmədyarov həmçinin turnirin sonuncu - 3-cü mərhələsində iştirak edəcək. Seriyanın sonunda ən yaxşı göstəriciyə sahib iki şahmatçı bu il İspaniyanın paytaxtı Madriddə keçiriləcək İddiaçılar Turnirinə vəsiqə qazanacaq.
Qeyd edək ki, FIDE Qran-Prisinin II mərhələsinə martın 14-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur.