FIDE Qran-prisi: Şəhriyar Məmmədyarov Rusiya şahmatçısı ilə qarşılaşacaq
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlindəki FIDE Qran-prisinin III mərhələsində bu gün növbəti görüşünü keçirəcək.
Sportline.az xəbər verir ki, reytinq favoritlərindən olan 37 yaşlı qrossmeyster 2-ci turda rusiyalı Daniil Dubovla qarşılaşacaq. O, yenə qara fiqurlarla oynayacaq. Bu qrupun digər qarşılaşmasında isə ABŞ təmsilçisi Lenyer Domingeslə almaniyalı Vinsent Kaymer üz-üzə gələcək.
Məmmədyarov ilk turda Kaymerlə heç-heçə edib. Dubov isə Domingesə uduzub.
Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.
Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.
Qeyd edək ki, FIDE Qran-prisinin III mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqraddakı II mərhələdə D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurub və yarımfinala yüksələ bilməyib.
Hər şahmatçı Qran-prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək.