"Finala bərabər görüş olacaq" - Elxan Məmmədov
AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Kosovo ilə səfər oyunundan əvvəl keçirilən açıq məşqi zamanı brifinq təşkil edib.
SportLine.az "Report"a istinadən AFFA rəsmisinin cavablarını diqqətinizə çatdırır:
- Oyun öncəsi həyəcan varmı?
- Təbii ki, milli komandamızın hər rəsmi oyunundan əvvəl həyəcan olur. Matçda ən vacibi odur ki, komanda məsuliyyəti anlayır. Millətlər Liqası hələ start götürməmişdən proqnozlar belə idi ki, həlledici görüş Priştinada baş tutacaq. Belə də oldu. Finala bərabər görüş olacaq. Demək olar ki, bu milli komandamızın tarixində ən vacib qarşılaşmadır. Minimum məqsədə nail olmalıyıq. Komandamız 3 xalı qazanmaq üçün meydana çıxacaq. Millimizin taleyi öz əlindədir.
- Bir neçə gündür ki, mətbuatda mükafatla bağlı müxtəlif rəqəmlər səslənir...
- Oyundan əvvəl komandayla heç vaxt mükafat mövzusunda danışmırıq. Milli ilk növbədə bayrağımız, azarkeşlərimiz uğrunda oynayır. Təbii ki, qrup qalibi olacağı təqdirdə millini mükafat gözləyir. Ancaq ayrıca bu matç üçün heç bir mükafat elan edilməyib. Komandamızın başlıca məqsədi qrupda 1-ci yeri tutmaqdır və milli oyuna ölkə adına çıxacaq! Təəssüf ki, əsas qapıçımız Kamran Ağayev son oyunda zədələndi. Ancaq tarixə nəzər saldıqda, DÇ-1990-da Neri Pumpido zədələndikdən sonra Argentina millisində çərçivə Serxio Qoykoçeaya etibar edildi və o, mundialın ən yaxşı qapıçısı seçildi. Elə milli tariximizdə də analoji hal yaşanıb. 2008-ci ildə Uelslə səfər oyunu öncəsi zədələnən Fərhad Vəliyevi Kamran Ağayev əvəzlədi və növbəti 10 ildə millimizin əsas qapıçısı oldu. Əminəm ki, gələcəkdə də olacaq. Bu, digər qapıçılarımıza bir mesajdır ki, onlar tarixə düşə bilərlər. Əlbəttə, bu, böyük itkidir. Ancaq tarix göstərir ki, bəzən itki qazanca da çevrilir.
- Təhlükəsizliklə bağlı nə deyə bilərsiniz?
- Bəli, mediada bu barədə məlumat yayılıb. Öz növbəmizdə Kosovo Futbol Federasiyasını bu məsələ ilə bağlı məlumatlandırmışıq. Azarkeşlərimiz az olacaq, amma onlar olacaq. Onların təhlükəsizliyi təmin olunmalıdır. Bu üzdən də əlavə təhlükəsizlik tədbirləri görüləcək. Bu məsələylə bağlı azarkeşlərimiz problem yaşamamalıdır.
- Baş katib kimi yox, bir azarkeş kimi proqnozunuz?
- Bu cür oyuna proqnoz vermək çətindir. Həm AFFA rəsmisi, həm də azarkeş kimi onu deyə bilərəm ki, bura 3 xal arxasınca gəlmişik. Əsas odur ki, komanda özü hər şeyi gözəl dərk edir. Biri var komanda tərəddüd edir, biri də var komanda anlayır və inanır. Qələbə üçün yığmamız hər şeyi edəcək.
- Kosovo millisi çox şişirdilmir?
- Qrup mərhələsi Kosovodan bir baş üstün olmadığımızı göstərdi. Biz hamıdan aşkar üstün olsaydıq, sonuncu görüş formal xarakter daşıyardı. Bizi final gözləyir. Demək olar ki, qüvvələr bərabərdir. Bəli, reytinqə baxdıqda, biz üstün idik. Ancaq bu, qısa zamanı əhatə edən turnirdir. Burda hər şey ola bilər. Sürprizlər də yaşandı. Təəssüf ki, Maltanı hər iki oyunda məğlub edə bilmədik. Bunu bacarsaydıq, Priştinaya fərqli əhvalda gələrdik. Kosovo da Farer adaları ilə görüşdə problem yaşadı və qarşılaşmalardan birində bərabərə qaldı. Bu, futboldur. Hesab edirəm ki, komandaların gücü bərabərdir. Ancaq Kosovo evdə oynayacaq və bu üzdən psixoloji baxımdan hazır olmaq lazımdır. Hesab edirəm ki, komandamız bu baxımdan hazırdır. Məşqçilər korpusu bunun üçün hər şey edib. Kamran Ağayevdən savayı heç kimin zədəsi yoxdur.
- Azərbaycan nümayəndə heyəti Kosovoya səfərdən sonra Serbiyaya getməkdə problem yaşamayacaq ki?
- Ümid edirəm ki, buraxacaqlar (gülür). Oyundan sonra UEFA və FIFA-ya müraciət edəcəyik. Artıq AVRO-2020-nin seçmə mərhələsində Serbiya ilə eyni qrupa düşə bilərik. Bu barədə əvvəllər də UEFA-ya məlumat vermişdik.
- Xarici İşlər Nazirliyi ilə məsləhətləşmələr olubmu?
- Bəli, Xarici İşlər Nazirliyi ilə məsləhətləşmişik. Biz də Kosovo kimi UEFA və FIFA-nın daimi üzvləriyik. Bu üzdən də bura gəlməyə məcbur idik. Çünki əks təqdirdə sanksiya ilə üzləşə bilərdik. Kosovolu idmançılar artıq bir neçə dəfə Azərbaycanda təşkil edilən idman yarışlarında iştirak ediblər. Elə futbol yığmaları da ölkəmizə gəlib. Əlbəttə, futbolun siyasətə qarşımasını istəməzdik. Bizim fikrimizi soruşsaydılar, bəlkə də Kosovoya gəlməyi heç istəməzdik. Ancaq FIFA və UEFA-nın qərarlarına hörmətlə yanaşmalıyıq.