Françesko Kaltsona: "Azərbaycan millisindən çəkinirdik"
"Evdə məğlub olmaq böyük biabırçılıqdır. İlk hissədə rəqibdən çəkinirdik. Qonaqlar isə əvəzində topla daha yaxşı davranırdılar".
Sportline.az xəbər verir ki, bunları Slovakiya millisinin baş məşqçisi Françesko Kaltsona evdə Azərbaycana 1:2 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyunundan sonra mətbuat konfransında deyib.
54 yaşlı mütəxəssis fasilədən sonra oyunlarını yaxşılaşdırdıqlarını bildirib: "Daha çox qol şansımız oldu. Sadəcə, dəyərləndirə bilmədik. Amma ikinci hissədə sərgildiyimiz gələcəyə nikbin baxmağa ümid verir".
İtaliyalı baş məşqçinin sözlərinə görə, bu məğlubiyyət komandası üçün dərs olub: "Öyrəndik ki, oyun 95 dəqiqədən artıq davam edə bilər və sonadək diqqətli olmalıyıq. Futbolçuları yeni-yeni tanıyıram və onların hazırlığını görürəm. Oyunçular ikinci hissədə öz keyfiyyətlərini göstərdilər".