Futbolçumuz Rusiya Premyer Liqasında
Azərbaycanlı futbolçu Kamran Əliyevin oynadığı Rusiyanın “Ximki” klubu 2020/21 mövsümündən Premyer Liqada çıxış edəcək.
Sportline.az xəbər verir ki, bu barədə Moskva vilayətinin idman naziri Roman Teryuşkov məlumat verib. O, koronavirusa görə yarımçıq dayandırılan 1-ci divizionda 2-ci pillədə qərarlaşan komandanın elitaya yüksəldiyini deyib.
Teryuşkov "Ximki"nin maliyyə problemlərini həll etdiyini, sponsorla anlaşdığını sözlərinə əlavə edib.
Paytaxt təmsilçisində Azərbaycanın U-20 yığmasının üzvü olmuş Kamran Əliyev də çıxış edir. Kamran növbəti dəfə U-21-ə dəvət alsa da, AFFA-ya hələ ki milliyə gəlməyəcəyini deyib.
"Simurq"un keçmiş baş məşqçisi Sergey Yuranın çalışdırdığı komanda bu mövsüm Rusiya kubokunun finalına vəsiqə qazanıb.